Klassika məşqləri-XX | Qismət Rüstəmov

Gözlərindən öpərəm, dodaqlarından sənin,
Şirin sözlər asaram qulaqlarından sənin,
Saçını oğurlayıb daraqlarından sənin,
Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
Yandıraram gecələr, gəlirsənmi yoxlaram...
 
Əllərindən tutaram, biləyindən öpərəm,
Saçlarının gül qoxan küləyindən öpərəm,
Məni müqəddəs bilən ürəyindən öpərəm,
Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm…
 
Qırmızı kəmturş  şərab  badələrə süzülər
Zarafatlar uzanar, ürəyimiz üzülər...
Barmaqlarım tələsər, düymələrin çözülər,
İçimə bir od düşər, titrəyər ayaqlarım,
Süd yolunda dincələr qurumuş dodaqlarım...
 
Ürəyimin parası, gözümün bir tikəsi,
Məni yaman qorxudur dinməmək təhlükəsi.
Mən özündənrazının, eqoistin yekəsi,
Sən zəriflik tanrısı, qadının ötəsisən
Bütün xoş şeylər kimi səndəmi bitəsisən?
 

0 şərh